Şahmar Hacıyahyayev: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq yarış üçün hazırlığa başlayıb"

İKT
  • 21 oktyabr, 2025
  • 17:09
Şahmar Hacıyahyayev: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq yarış üçün hazırlığa başlayıb
Şahmar Hacıyahyayev

Dünyada sürətlə inkişaf edən kibertəhlükəsizlik sahəsi artıq qlobal əmək bazarının əsas istiqamətlərindən birinə çevrilib. Gənclərin bu sahədə bilik və bacarıqlarını nümayiş etdirməsi, eləcə də beynəlxalq təcrübə qazanması məqsədilə keçirilən "WorldSkills" yarışları böyük əhəmiyyət daşıyır.

Bu ilin 22-27 sentyabrda Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq yarışın seçim mərhələsi davam edir. 89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə başlayıb.

İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev "Report"a müsahibəsində yarışmanın seçim mərhələsi və hazırlıq prosesindən danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- "WorldSkills Şanxay 2026" yarışına hazırlıq prosesi necə təşkil olunub?

- Hazırlıq prosesi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı və "WorldSkills" təşkiatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunur və bu istiqamətdə artıq konkret fəaliyyətə start verilib. Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə "WorldSkills" Azərbaycan çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcək. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, möhkəmləndirilməsi və davamlı inkişafı istiqamətində bir sıra mühüm layihələr həyata keçirir. Sonuncu beynəlxalq yarış 2024-cü ilin sentyabr ayında Fransanın Lion şəhərində keçirilib. Kibertəhlükəsizlik Mərkəzi olaraq müəyyən edilmiş müxtəlif proseslərlə müsabiqənin hazırlıq prosesinə dəstək oluruq. Fəaliyyətlərimizdən biri namizədlərin seçimi, qeydiyyat və bu sahədə PR və marketinq işlərinin təşkili ilə bağlıdır. Müsabiqəyə iştirakçıların seçimi bir neçə mərhələdə aparılacaq. Noyabrda artıq bir neçə mərhələ yekunlaşacaq.

Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition

- Seçim mərhələsi necə həyata keçirilir?

- Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edir. Müsabiqəyə 25 yaşı tamam olmayan, "intermediate" səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müraciət edə bilirlər.

Qeydiyyatdan keçən iştirakçılar üçün üç mərhələdən ibarət CTF ("Capture The Flag") yarışı keçiriləcək: birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF) və final (Final CTF). Hər mərhələ fərqli tarixlərdə baş tutacaq və mərhələlər irəlilədikcə tapşırıqların çətinlik səviyyəsi də yüksələcək.

Finala vəsiqə qazanan 5 komanda (hər biri iki nəfərdən ibarət olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq. Onlar sahənin tanınmış yerli və beynəlxalq mütəxəssislərinin rəhbərliyi ilə praktiki təlimlərdə iştirak edəcəklər. İlkin mərhələdə 80 nəfərdən ibarət olan iştirakçı siyahısı ardıcıl mərhələlərdə 40 nəfərə, daha sonra 20 nəfərə və nəhayət 10 nəfərə endiriləcək.

Son mərhələdə seçilən 10 nəfər "WorldSkills Şanxay 2026" yarışında Azərbaycanı təmsil edəcək əsas komandanın üzvləri olacaq. Bu komanda üçün intensiv və çoxistiqamətli hazırlıq proqramı nəzərdə tutulur. Yarışda isə iki nəfər ölkəmizi təmsil edəcək.

Bununla yanaşı, seçilən həmin 10 nəfər artıq bizim əsas komandamız sayılır. Onlardan 8 nəfər ehtiyat siyahıda saxlanılır ki, hansısa səbəbdən əsas komanda üzvlərindən biri iştirak edə bilməsə, onun yerini ehtiyat iştirakçılar doldura bilsin. Seçim zamanı biz yalnız texniki bilikləri yox, həm də komandada işləmək bacarığını, ünsiyyət və uyğunlaşma qabiliyyətini diqqətlə qiymətləndiririk.

Məsələn, iki istedadlı, lakin bir-biri ilə ünsiyyətdə çətinlik çəkən şəxsin eyni komandada çıxış etməsi nəticə vermir. Bu baxımdan, biz həm dostluq, həm əməkdaşlıq, həm də psixoloji uyğunluq səviyyəsini önə çəkirik. Ehtiyat siyahıda qalan iştirakçılar da diqqətdən kənarda qalmır - onlar gələcək illərdə təlim və əməkdaşlıq proqramlarına cəlb olunacaq, əvvəlki illərin iştirakçıları isə yeni komandalara mentor kimi dəstək göstərəcəklər. Bizim məqsədimiz bu ilin uğurları ilə yanaşı, uzunmüddətli, davamlı və peşəkar komanda ekosistemi formalaşdırmaqdır.

- Hazırda müsabiqəyə neçə nəfər müraciət edib? Seçim prosesində hansı amillərə diqqət yetirilir?

- Hazırda 170 nəfər müsabiqədə iştirak üçün müraciət edib və seçim mərhələsinin bitməsinə sayılı günlər qalır. Bu rəqəmin 200-ə çatacağı gözlənilir.

Seçim zamanı iştirakçıların kibertəhlükəsizlik sahəsində praktiki bilik və bacarıqları, həmçinin mövcud sertifikatlara malik olmaları da nəzərə alınır. Daha əvvəl bu tip beynəlxalq müsabiqələrdə iştirak etmiş şəxslərə də müəyyən üstünlük verilir.

- Azərbaycan komandası hansı kateqoriyada yarışacaq?

- "WorldSkills Şanxay 2026" beynəlxalq peşə bacarıqları yarışması dünyanın ən nüfuzlu gənclər yarışlarından biridir. Onun əsas məqsədi gənclərin müxtəlif peşə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, onları beynəlxalq səviyyədə tanıtmaq və gələcək peşəkar inkişaflarına təkan verməkdir.

"WorldSkills" təkcə bir sahə ilə məhdudlaşmır – o, sənaye, məişət və təhsil daxil olmaqla, onlarla müxtəlif peşə istiqamətini əhatə edir. Son illərdə kibertəhlükəsizlik də bu siyahıya daxil edilərək yarışmanın ən aktual və strateji sahələrindən birinə çevrilib. Rəqəmsal dünyanın genişlənməsi fonunda bu istiqamətin əhəmiyyəti sürətlə artıb və artıq "WorldSkills"in ayrılmaz hissəsinə çevrilib.

Əvvəlki illərdə yarışlarda müxtəlif peşə sahələri üzrə 70-80 ölkə iştirak edib. Kibertəhlükəsizlik üzrə isə 20-25 ölkə öz komandalarını göndərib. Texnoloji cəhətdən inkişaf etmiş bəzi ölkələr - məsələn, Çin, Cənubi Koreya, Yaponiya və digərləri - yarışmada bir neçə komanda (bəzən 10-12) ilə təmsil olunurlar.

Hazırda Azərbaycan bu sahə üzrə bir komanda ilə iştirak edir.

- "WorldSkills" yarışları gələcəkdə Azərbaycanda keçirilə bilərmi?

- Son illərdə Azərbaycan kibertəhlükəsizlik sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və görülən məqsədyönlü tədbirlər ölkəmizi qlobal kibertəhlükəsizlik indeksində ön sıralara daşıyıb.

Bu göstəricilər, eləcə də ölkəmizin rəqəmsal transformasiya və gənclərin texnoloji biliklərinin artırılması istiqamətindəki uğurlu təcrübəsi gələcəkdə "WorldSkills" yarışlarının kibertəhlükəsizlik üzrə mərhələlərinin məhz Azərbaycanda keçirilməsi ehtimalını real və aktuallaşdırır.

Azərbaycan bu gün regionda innovasiyaların inkişafı, gənc kadrların yetişdirilməsi və rəqəmsal təhlükəsizlik sahəsində aparıcı mərkəzlərdən birinə çevrilməkdədir. Belə bir fonda "WorldSkills"in ölkəmizdə təşkili həm Azərbaycanın beynəlxalq imicini gücləndirər, həm də yerli gənclərə öz bacarıqlarını dünyaya nümayiş etdirmək üçün unikal imkan yaradardı.

- Bu yarışda iştirak Azərbaycan vətəndaşlarına nə verir?

- Belə bir təşəbbüs Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir, ölkədə kibertəhlükəsizlik sahəsinə olan marağı artırır və ən əsası, insan kapitalının inkişafına ciddi töhfə verir.

Son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsinin sürətli inkişafı aydın şəkildə müşahidə olunur. Bu inkişaf dövlət səviyyəsində atılan ardıcıl və məqsədyönlü addımların nəticəsidir. Xüsusilə, Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2023-2027-ci illəri əhatə edən Kibertəhlükəsizlik Strategiyası" bu istiqamətin ölkə üçün milli prioritetlərdən birinə çevrildiyini təsdiqləyir. Strategiya çərçivəsində kadr potensialının artırılması, insan resurslarının inkişafı, beynəlxalq təcrübənin mənimsənilməsi və yerli texnoloji həllərin yaradılması əsas hədəflər sırasında yer alır.

Bu siyasət nəticəsində Azərbaycanda artıq kiber ekosistem formalaşmağa başlayıb. Lakin bu mühitin davamlı və effektiv fəaliyyəti üçün ən vacib şərt - yüksək ixtisaslı kadrların, başqa sözlə desək, "kiber əsgərlərin" yetişdirilməsidir. Müasir dövrdə ölkələrin təhlükəsizliyi həm sərhədlərlə, həm də rəqəmsal müdafiə səviyyəsi ilə ölçülür.

Məhz bu səbəbdən gənclər arasında kibertəhlükəsizlik sahəsinə maraq getdikcə artır. "WorldSkills" yarışlarında iştirak isə həmin gənclər üçün həm biliklərini sınaqdan keçirmək, həm də qlobal təcrübə qazanmaq baxımından unikal fürsətdir.

Bu yarışlar gənclərə öz kiber savadlılıqlarını beynəlxalq arenada nümayiş etdirmək, dünya səviyyəsindəki texnoloji trendləri izləmək, müasir kiber təhdidlər və müdafiə mexanizmləri ilə yaxından tanış olmaq imkanı yaradır. Onlar bu platforma vasitəsilə müxtəlif ölkələrdən olan komandalar və ekspertlərlə əməkdaşlıq edir, birgə problemlər həll edir və yeni yanaşmalar öyrənirlər.

Bütün bunlar bilik mübadiləsi ilə yanaşı, həm də motivasiya və özünəinamın formalaşması prosesidir. Belə təcrübələr gəncləri gələcəyin rəqəmsal mühitinə hazırlayır, onları texnoloji cəbhənin ön xəttində yer alacaq peşəkar mütəxəssislərə çevirir.

Son xəbərlər

Bütün Xəbər Lenti