Qarabağın sürətli inkişafı və rəqəmsal transformasiyası
- 17 noyabr, 2025
- 11:27
Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu. Doğma torpaqların azad edilməsindən dərhal sonra bu ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin "Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır" çağırışı Qarabağın rəqəmsal inkişaf strategiyasına istiqamət verdi. Dövlət başçısının vurğuladığı "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında Qarabağda müasir texnoloji infrastrukturun qurulması prioritetə çevrildi.
Aparıcı telekommunikasiya şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesinə fəal şəkildə qoşuldular. Azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu təmin edən Azercell bölgənin rabitə və rəqəmsal ekosisteminin formalaşmasına mühüm töhfə vermək məqsədilə genişmiqyaslı layihələrə başladı.
Şirkətin texniki komandası azad edilmiş ərazilərdə infrastrukturun bərpası istiqamətində fasiləsiz çalışaraq bölgədə LTE texnologiyası əsasında qurulmuş 200-dək baza stansiyasının fəaliyyətini təmin etdi. Hazırda Azercell-in şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Hadrut, Suqovuşan, Laçın, Xocalı və Xankəndini əhatə edir. Eyni zamanda, şirkət Qarabağda "yaşıl" texnologiyaların tətbiqinə də başlayıb. Qubadlı və Cəbrayılda fəaliyyət göstərən 35 günəş enerjili LTE baza stansiyası karbon emissiyalarının azaldılmasına və dayanıqlı enerji istifadəsinə töhfə verir.
Həmçinin azad edilmiş ərazilərə qayıdan vətəndaşlara rəqəmsal xidmətləri daha əlçatan etmək məqsədilə Azercell bu bölgələrdə müştəri xidmətləri mərkəzi açan ilk mobil operator olub. Şirkət son illər ərzində xidmət şəbəkəsini genişləndirərək Zəngilanın Ağalı kəndi, Şuşa, Laçın, Füzuli və Xankəndidə müasir standartlara cavab verən mərkəzlər açıb.
Azercell II Qarabağ müharibəsi zamanı və sonra şəhid və qazi ailələrinə dəstək məqsədilə bir sıra təşəbbüslər həyata keçirib. Mobil operator "Kiçik ürəklərdə böyük xatirələr" layihəsi çərçivəsində 300 şəhid övladı üçün psixoloji reabilitasiya proqramı həyata keçirib. "Peşəkar İnkişaf və Karyera Hazırlığı" layihəsi isə şəhid ailələrinin üzvləri və qazilər üçün ingilis dili, kompüter bilikləri və karyera planlaşdırılması üzrə təlimlər təşkil edib.
On ildən artıqdır ki, gənc istedadları dəstəkləyən "Tələbə Təqaüdü" proqramı Vətən müharibəsindən sonra müharibə iştirakçılarını da əhatə edib. Təhsilini yarımçıq qoyaraq müharibədə iştirak etmiş, daha sonra təhsillərini davam etdirən 23 tələbə şirkət tərəfindən təqaüdlə təmin olunub. Bundan əlavə, şəhid ailələrinin üzvləri üçün təhsil müddəti boyunca maliyyə dəstəyi göstərilir. Son beş il ərzində 50-dən çox şəhid ailəsi bu proqramdan yararlanıb. Eyni zamanda, Qarabağda təhsil alan tələbələr üçün təqdim olunan xüsusi endirimli tarif isə gənclərin informasiya və təhsil imkanlarını genişləndirir.
Mədəni irsin qorunması Azercell-in Qarabağ layihələrinin digər vacib istiqamətidir. "Şuşa İli" çərçivəsində həyata keçirilən "Qarabağın səsini dinlə" layihəsi nəticəsində Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin irsi audiokitab formatında təqdim olunub. Bu layihə Qarabağın mədəni irsinin rəqəmsallaşdırılması və gələcək nəsillərə çatdırılmasına xidmət edib.
Azercell Qarabağda sosial və humanitar fəaliyyətini könüllülük prinsipi əsasında da davam etdirib. Şirkətin könüllüləri müharibə dövründə və sonrakı illərdə hərbçilərə, qazilərə və müharibədən zərərçəkmiş ailələrə dəstək göstəriblər. Son beş il ərzində iki mindən çox ailə Azercell Könüllülərinin dəstəyindən yararlanıb.
Şirkət həmçinin Vətən müharibəsi iştirakçılarına olan ehtiramını ifadə etmək məqsədilə "Veteran" tarif planını və Zəfər Gününü simvolizə edən "8-11" seriyalı nömrələri təqdim edib.
Azercell-in Qarabağda həyata keçirdiyi bu çoxsahəli fəaliyyət regionun sosial, iqtisadi və texnoloji inkişafına töhfə verməklə yanaşı, ölkənin dayanıqlı gələcəyinin formalaşmasına xidmət edir.