Pakistan "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır

İKT
  • 09 sentyabr, 2025
  • 13:54
Pakistan ASAN xidmət modelinin tətbiqində maraqlıdır

Pakistan əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmaq üçün Azərbaycanın "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır.

"Report" Pakistanın"Business Recorder" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca İslamabadda "ASAN xidmət"in sədri Ülvi Mehdiyevlə görüşündə bildirib.

"Pakistan vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə "ASAN xidmət" modelini tətbiq etməyə çalışır. Ölkə bu modelin uğurla tətbiqi üçün bütün lazımi şərtlərə - güclü siyasi iradəyə, rəqəmsal hazırlığa və inteqrasiya olunmuş identifikasiya sistemlərinə malikdir", - Şaza Fatima bildirib.

Öz növbəsində, Ü.Mehdiyev qeyd edib ki, "ASAN xidmət" mərkəzlərindən vətəndaşların məmnunluq səviyyəsi 99,9 %-ə çatır. O, Azərbaycanın dövlət xidmətlərinin göstərilməsinə müasir yanaşmasından bəhs edərək onun səmərəliliyini və əlçatanlığını vurğulayıb.

Görüşdə hər iki ölkənin yüksək vəzifəli nümayəndələri, o cümlədən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və ikinci katib Behbud Qadalı da iştirak ediblər.

Pakistan nəşri həmçinin qeyd edib ki, Azərbaycanın "ASAN xidmət" modeli bürokratiya ilə mübarizədə inqilabi addımdır.

"Ekspertlər qeyd edirlər ki, "ASAN xidmət"in Pakistanda uğurlu tətbiqi dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşların dövlət qurumlarına inamını əhəmiyyətli dərəcədə artıra bilər ki, bu da rəqəmsal transformasiyaya can atan ölkə üçün olduqca önəmlidir", - nəşr yazır.