Azərbaycanın yeganə regional mobil rabitə operatoru fəaliyyətini dayandırır

İKT
  • 01 sentyabr, 2025
  • 01:21
Azərbaycanın yeganə regional mobil rabitə operatoru fəaliyyətini dayandırır

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Naxtel" MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.

"Report"un yerli bürosu xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.

Dekabrın 1-nə qədər nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək, mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.

Qeyd olunan tarixə qədər silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.

Nömrələrin daşınması muxtar respublika ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.

Ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (www.naxtel.az) və 299 nömrəli Telefon Mərkəzindən əldə etmək mümkündür.