Nataliya Tkaçuk: "300 min nəfərdən ibarət IT-ordusu Rusiyanın kiberhücumlarından müdafiənin bir hissəsinə çevrilib"

İKT
  • 09 oktyabr, 2025
  • 15:21
Nataliya Tkaçuk: 300 min nəfərdən ibarət IT-ordusu Rusiyanın kiberhücumlarından müdafiənin bir hissəsinə çevrilib

Müxtəlif ölkələrdən 300 mindən çox insan Ukraynanı kiberməkanda dəstəkləyərək kritik infrastrukturun müdafiəsinə kömək edib və Rusiyanın hücumlarını dəf edib.

"Report" xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Ukraynanın kibermüharibə zamanı aldığı əsas dərs bundan ibarətdir ki, kibertəhlükəsizlik milli dayanıqlılıq üçün həlledici əhəmiyyət kəsb edir.

"Əvvəllər bir çoxları dövlətin kibertəhlükəsizliyə böyük resurslar yönəltməli olub-olmaması məsələsinə şübhə ilə yanaşırdı, çünki istənilən sistemi sındırmaq olar. Lakin hücum günü Rusiya bizim bütün kritik sistemlərimizə - banklar, energetika, nəqliyyat, mobil operatorlar və telekommunikasiyaya hücum etməyə cəhd etdi. Biz hazır idik və ölkənin kiberdavamlılığını qoruya bildik", - katib qeyd edib.

N.Tkaçukun sözlərinə görə, yalnız bir kiberhücum Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərib.

"Bu, silahlı qüvvələrimiz üçün peyk rabitəsini təmin edən "Assad" şirkətinə hücum idi. Lakin bu şirkət Avropa şirkətidir və onun sistemlərinin müdafiəsi bizim birbaşa məsuliyyətimizə daxil deyildi", - o izah edib.

Xidmət rəisi vurğulayıb ki, müqavimətin mühüm elementi faktiki olaraq kortəbii şəkildə, hökumətlə əlaqələndirmə olmadan yaradılmış İT-ordusu olub.

"Biz təkcə Ukraynadan deyil, həm də digər ölkələrdən təxminən 300 min nəfəri birləşdirməyə müvəffəq olduq. Bu kiberkönüllülər kritik infrastrukturun müdafiəsinə kömək etdi və Rusiyaya qarşı cavab əməliyyatları həyata keçirdilər", - N.Tkaçuk əlavə edib.

Onun sözlərinə görə, hər bir ölkə əvvəlcədən analoji mexanizm formalaşdırmalıdır.

"İndi biz kiberehtiyat, kiberkomandalar və kiberkönüllülərin fəaliyyəti üçün hüquqi bazanın yaradılması üzərində işləyirik. Daha bir vacib nəticə - özəl sektorla sıx qarşılıqlı əlaqə, etimad şəbəkələrinin və tərəfdaşlığın inkişafının vacibliyidir", - Ukrayna nümayəndəsi vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti