KOBİA: Startaplara yatırılan 1 dollar 5 000 dollar gəlir gətirə bilər
- 03 sentyabr, 2025
- 16:35

İT həlləri, elektron ticarət, kənd təsərrüfatı və logistika sahələri uğurlu startapların ən çox cəmləşdiyi istiqamətlər hesab olunur, çünki bu sahələr birbaşa bazar tələbinə cavab verir, gündəlik həyatda geniş tətbiq olunur və sürətli miqyaslanma imkanı yaradır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
"Məsələn, elektron ticarət onlayn alış-verişin sürətlə artan tendensiyasına uyğunlaşır, aqrar texnologiyalar isə kənd təsərrüfatının inkişafı kimi ölkənin iqtisadi prioritetlərinə xidmət edir. Beləliklə, innovativ layihələr həm yerli, həm də beynəlxalq bazarda rəqabət üstünlüyü qazanmaqla Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir", - məlumatda deyilir.
KOBİA-dan bildirilib ki, Azərbaycanda "Startap" şəhadətnaməsi almış sahibkarların fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Onların dövriyyəsi artıb, daha əvvəl mövcud olmayan innovativ məhsul və xidmətlər bazara çıxarılıb.
"Beynəlxalq təcrübə göstərir ki, dövlətin bir uğurlu startap layihəsinə yatırdığı hər 1 ABŞ dolları orta hesabla 5 000 ABŞ dollarına qədər gəlir gətirə bilər. Bu fakt startapların iqtisadi artım və diversifikasiya üçün mühüm alət olduğunu bir daha təsdiqləyir.
Startapların əsas üstünlüklərindən biri sürətlə böyümə qabiliyyətidir. Dünyada aparılan müşahidələr göstərir ki, orta hesabla hər bir uğurlu startap ildə 100-200 % artım nümayiş etdirir", - məlumatda deyilir.
KOBİA hesab edir ki, bu tendensiya Azərbaycanda da qeyri-neft sektorunun inkişafına ciddi təkan verə bilər.
Agentliyin məlumatında həmçinin vurğulanır ki, dövlət dəstəyi və vergi güzəştləri sayəsində startapların davamlılığı təmin olunur. Onlar kənd təsərrüfatı, təhsil, maliyyə texnologiyaları və xidmət sektorunda yeni imkanlar yaradaraq həm daxili bazarda rəqabəti gücləndirir, həm də ixrac potensialını artırır.