Klaus Müller: "Mobil pul kisələri ilə təcrübə telekomları fintexlə tərəfdaşlıqda daha ehtiyatlı edib"
- 29 sentyabr, 2025
- 16:31

Telekommunikasiya şirkətləri və fintex sektoru arasında əməkdaşlıq mümkündür, lakin bu müəyyən narahatlıqlarla əlaqəlidir.
"Report"un məlumatına görə, bunu "Bakcell" MMC-nin baş icraçı direktoru Klaus Müller "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammiti çərçivəsində - "Fintex, telekommunikasiya və bank işi - sahələr arasında sinerjinin öyrənilməsi" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, uğurlu qarşılıqlı əlaqənin əsas şərti vahid ünsiyyət dili, hər iki tərəfin tapşırıqlarının anlaşılmasıdır.
"Bir neçə il əvvəl əməkdaşlığın nümunəsi mobil pul kisəsi idi. Bir çox istifadəçilər hələ də düşünürlər ki, onun içində telekommunikasiya komponenti var. Çünki əməliyyat telefon vasitəsilə baş verir. Amma əslində bunun üçün nə mobil şəbəkə, nə də baza stansiyası tələb olunmur. İlk illərdə mobil pul kisələri həqiqətən telekomlarla əlaqəli idi, çünki ödəniş məlumatları SIM kartda saxlanılırdı. Lakin sonradan "Apple" və "Google" modeli dəyişdilər və məlumatlar telefonun əməliyyat sistemində saxlanmağa başladı. Beləliklə, telekommunikasiya şirkətlərinin gətirdiyi dəyər əvəz olundu", - K.Müller izah edib.
O vurğulayıb ki, telekomlar fintex layihələrinin inkişafının ilkin mərhələlərində inkubatorlar kimi faydalı ola bilərlər, lakin süni intellekt və böyük məlumatlar sahəsində onların əhəmiyyəti şirkətlərin böyüməsi ilə azalır.
"Müəyyən mərhələdən sonra telekomların süni intellekt-modelləşdirmə və "big data" sahəsindəki töhfəsinin əhəmiyyəti getdikcə azalır. Əlbəttə ki, əməkdaşlıq üçün başqa sahələr də ola bilər, lakin məhz bu seqmentlərdə telekommunikasiyanın rolu azalır", - "Bakcell"in baş icraçı direktoru qeyd edib.