ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəliklərin yerinə yetirilməsinə çağırır
- 17 noyabr, 2025
- 11:01
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) iştirakçılarının vəzifəsi müzakirələr və qəbul edilən siyasi qərarlar vasitəsilə insanların rəqəmsal bağlantı ehtiyaclarının qarşılanmasına kömək etmək, onların dayanıqlılığını gücləndirməkdir.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martin Bakıda WTDC-25-in açılış mərasimində bildirib.
"Biz WTDC-də rəqəmsal imkanları əlçatan etmək üçün toplaşmışıq. Texnologiyanın əvvəlkindən daha sürətli transformasiya etdiyi bir dünyada heç kimin geridə qalmayacağı şəraitin yaradılmasını hədəfləyirik. Yalnız birlikdə həyata keçirilə bilən qlobal rəqəmsal inkişaf səylərinə yeni həyat vermək üçün buradayıq", - o qeyd edib.
ITU rəhbərinin sözlərinə görə, kollektiv tərəqqinin gücü ən bariz şəkildə 1 000-dən çox öhdəliyi birləşdirən, eləcə də dünya üzrə əhəmiyyətli bağlantı və dayanıqlı rəqəmsal transformasiyanı dəstəkləmək üçün təxminən 80 milyard ABŞ dolları səfərbər edən "Connect" Rəqəmsal Tərəfdaşlıq Koalisiyasında özünü göstərir.
"Bu öhdəlik və vədlərin yerinə yetirilməsini təmin etməyin vaxtı çatıb. Hər kəs üçün dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq məqsədilə rəqəmsal infrastrukturu və xidmətləri istifadə etmək niyyətimizi təsdiqləməyin zamanı gəlib", - D.Boqdan-Martin vurğulayıb.