İlqar Bayramlı: "Ölkələrin inkişaf templərinin əsas amillərindən biri rəqəmsal bacarıqlardır"
- 02 dekabr, 2025
- 10:48
IV sənaye inqilabı dövründə ölkələrin inkişaf templərini müəyyən edən əsas amillərdən biri rəqəmsal bacarıqlardır.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı "4Sİ Akademiyası - Milli Proqram"ın yarım illik nəticələrinə dair təqdimatda bildirib.
Onun sözlərinə görə, bu, çeviklik və innovativ düşüncədir: ""4Sİ Akademiyası - Milli Proqram"ı məhz bu çağırışlara cavab verən və ölkəmizin insan kapitalının yeni, müasir çağırışlara uyğunlaşdırılmasına töhfə verən çox uğurlu bir platformadır. Biz Təhsilin İnkişaf Fondu olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni nəsil bacarıqların formalaşdırılması istiqamətində həyata keçirilən belə təşəbbüslərdə iştirak etməyə böyük önəm veririk. Bu, dövlətin əsas siyasətlərdən olan insan kapitalına investisiyalarının genişləndirilməsinə, gənclərin öz inkişaf etmək imkanlarının əldə etməsinə və eyni zamanda təhsil ekosisteminin yenilənməsi istiqamətində nəzərdə tutulmuş məqsədlərə xidmət edir".
İ. Bayramlı bildirib ki, istifadəçilər bu proqram vasitəsilə layihə çərçivəsində təqribən 13 mindən çox ödənişsiz kurslar əldə etmək imkanı qazanıb: "Milli proqram böyük bir təhsil təşəbbüsüdür və vətəndaşlarımızın peşəkar bacarıqlarını artırma istiqamətində əvəzsiz bir dəstəkdir. İnanırıq ki, belə proqramlar ölkəmizdə yeni bilik mədəniyyətinin formalaşdırılmasına və gənclərin öz potensialını daha dərindən kəşf etmək və əmək bazarında rəqabətlə davamlı olmasına zəmin yaradacaq".