İKTA: Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
- 26 yanvar, 2026
- 16:00
2024 – 2025-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 1 373 hüquqi və fiziki şəxsin 173 544 ədəd avadanlığının ölkəyə idxalına icazə üçün müraciətinə baxıb.
"Report" xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.
Bunlardan 452 şəxs "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli 6 970 avadanlığa xüsusi icazə verilməsi ilə bağlı müraciət edib.
Eyni zamanda 342 müraciət üzrə 4 960 avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə verilib, 87 müraciət üzrə 368 avadanlığa qanunvericiliyə uyğun tələb edilən sənədlər təqdim olunmadığı üçün icazə verilməyib, 19 müraciət üzrə isə 43 avadanlığın mülki dövriyyəsinə xüsusi icazə tələb olunmadığına dair ərizəçilərə məktub göndərilib.
Bununla yanaşı, 2024 – 2025-ci illər ərzində 166 574 avadanlığın idxalına görə 921 müraciət qeydə alınıb,162 831 avadanlığın idxalı üçün 847 müraciət qanunauyğun cavablandırılıb, 3 737 avadanlığın idxalına dair daxil olmuş 71 müraciət üzrə ərizəçilərə tələb olunan sənədlərin təqdim edilməsi bildirilib.
Həmçinin ötən il sürətli poçt xidməti üçün 283 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib. Nəticədə 278 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.