Fərid Osmanov: "Startaplarımızın qlobal bazarlara çıxışı prioritetimizdir"

İKT
  • 21 noyabr, 2025
  • 16:21
Fərid Osmanov: Startaplarımızın qlobal bazarlara çıxışı prioritetimizdir
Fərid Osmanov

Azərbaycan startaplarının qlobal bazarlara çıxışı prioritetimizdir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının Demo-Day tədbirində deyib.

Onun sözlərinə görə, artıq bir sıra xarici tərəfdaşlarla 3–5 illik çərçivə əməkdaşlıqları qurulub və bu proses yerli innovasiya mühitinə yeni imkanlar açır: "Məqsədimiz startapların qlobal bazarlara çıxışını təmin etməkdir. Bu istiqamətdə həm maliyyə, həm də innovasiya infrastrukturuna dair geniş dəstək mexanizmləri tətbiq olunur".

F. Osmanov bildirib ki, ölkədə innovasiya siyasəti Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçirilir: "Strateji baxışımız insan kapitalı tərəfindən dəstəklənir. Biz proseslərin şəffaf, effektiv və proaktiv idarə olunmasına nail olmaq istəyirik".

Onun sözlərinə görə, erkən mərhələli startap layihələri üçün xüsusi proqramlar icra olunur: "Bu günə qədər 30-dan çox startapa maliyyə dəstəyi göstərilib. Məqsəd yalnız məhsulun hazırlanması deyil, həm də onun beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasıdır".

Agentlik sədri əlavə edib ki, innovasiya ekosisteminin genişlənməsi ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır: "Bizim üçün ən vacib olan innovativ düşüncənin formalaşmasıdır. Azərbaycan gənclərinin qlobal rəqabətdə iştirak etməsi üçün bütün mexanizmlər yaradılır".

Son xəbərlər

Bütün Xəbər Lenti