Estoniyalı ekspert: "Kibertəhdidlər üçün adekvat hüquqi cavab tədbirləri lazımdır"
- 10 oktyabr, 2025
- 17:35

Kibertəhdidlərin, o cümlədən kritik infrastruktur obyektlərinə qarşı olanların artması fonunda dövlətlər effektiv cavab strategiyaları hazırlamalı və risklərin azaldılması üçün müvafiq hüquqi tədbirlər seçməlidirlər.
"Report" xəbər verir ki, bu barədə Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Nim "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
E. Nimin sözlərinə görə, təhlükələr mənzərəsini şərti olaraq iki qrupa ayırmaq olar - ayrı-ayrı vətəndaşlara aid olanlar və kritik infrastruktura qarşı yönəlmiş olanlar.
O qeyd edib ki, kibertəhdidlərin, o cümlədən kritik infrastruktur obyektlərinə qarşı olanların artması fonunda dövlətlər təkcə effektiv cavab strategiyaları hazırlamamalı, həm də risklərin azaldılması üçün müvafiq hüquqi tədbirlər seçməlidirlər.
"Bunun üzərində daha bir mühüm aspekt meydana çıxır: dövlətin nöqteyi-nəzərindən müxtəlif risklərə necə reaksiya verilməli, prioritetlər necə müəyyən edilməli və hansı metodologiya ilə onlar təsnifləşdirilməlidir? Bununla əlaqədar olaraq risklərin qarşısının alınması və onların yumşaldılması üçün müvafiq hüquqi tədbirlər seçilməlidir. Lakin burada ayrıca bir risk də gizlənir - təhlükələr mənzərəsinin düzgün başa düşülməsi və ya əksinə, başa düşülməməsi riski, deməli, reaksiya vermək üçün adekvat alətlərin seçilməsi lazımdır", - ekspert qeyd edib.