Davud Rüstəmov: "Kiberhücumların kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlər görülür"

İKT
  • 18 dekabr, 2025
  • 20:23
Davud Rüstəmov: Kiberhücumların kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlər görülür
Davud Rüstəmov

Bu il Azərbaycana qarşı həyata keçirilən kiberhücumlar arasında APT (Advanced Persistent Threat) və ya dövlət dəstəkli hücumlar üstünlük təşkil edir.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, əvvəlki ilə nisbətən 2025-ci ildə "Ransomware" hücumlarının azalması diqqət çəkir: "Biz istər APT hücümların araşdırılmasında, istər onların gələcək fəsadların olmaması üçün digər təşkilatlara, kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə, kollegial fəaliyyət həyata keçiririk".

D. Rüstəmov bildirib ki, bu il kibertəhdid mübadiləsi platforması daha da genişləndirilib: "MISP platforması üzərində qurulmuş bu məlumat mübadiləsi platformasına bu il artıq 5 dövlətin xüsusi xidmət orqanının qoşulması tam təmin edilib. Onlardan alınmış kiber təhdid göstəriciləri aidiyyəti maraqlı tərəflər arasında vaxtında paylaşılıb".

Xatırladaq ki, 2023-cü ildə yaradılmış MISP platforması ölkənin kritik informasiya infrastrukturu subyektləri arasında zərərli IP ünvanlar və domen adları, zərərli fayllar və onların eyniləşdirmə dəyərləri və s. bu kimi göstəricilərin mübadiləsini həyata keçirməyə imkan verir. Bu platforma həmçinin tərəfdaş xarici xüsusi xidmət orqanları ilə kibertəhdidlərə qarşı birgə mübarizə vasitəsidir.

APT, əsasən dövlət qurumları, müəssisələr, təşkilatlar kimi konkret hədəflərə qarşı davamlı kiberhücumlar həyata keçirən, kibertəhdid qruplarıdır, "Ransomware" isə yoluxdurduğu sistemlərin əlçatanlığını məhdudlaşdırdıqdan sonra həmin məhdudiyyətlərin götürülməsi üçün istifadəçidən pul tələb edən zərərli proqramdır.

Son xəbərlər

Bütün Xəbər Lenti