Brett Kinq: "Süni intellekt tezliklə insan zəkasını üstələyəcək"
- 04 sentyabr, 2025
- 11:30

Süni intellekt tezliklə insan zəkasını üstələyəcək, bəşəriyyət tarixdə ilk dəfə olaraq insanla rəqabət apara bilən alternativ intellektlə qarşılaşır.
Bunu VIII "Astana Maliyyə Günləri" forumu çərçivəsində "Report"un sualını cavablandıran futuroloq və "Breaking Banks" podkastının aparıcısı Brett Kinq bildirib.
Onun sözlərinə görə, süni intellekt bəşər sivilizasiyası və iqtisadi sistemlər üçün ən güclü dağıdıcı qüvvə ola bilər.
"Bu, oyun qaydalarını köklü şəkildə dəyişir və həyat tərzimizi transformasiya edir. Cəmiyyətə bənzər təsir göstərə biləcək digər amil, bəlkə də, iqlim dəyişikliyidir. Lakin süni intellekt cəmiyyəti bu gün hətta təsəvvür edə bilmədiyimiz yollarla dəyişəcək. Hətta bunu gözlədiyimizdən daha sürətlə edir", - B.Kinq vurğulayıb.

Futuroloq qeyd edib ki, hesablama gücündən və kompüterlərin cəmiyyətə necə təsir etdiyindən danışarkən tez-tez 1960-cı illərdə "Intel" şirkətinin həmtəsisçisi Gordon Mur tərəfindən formalaşdırılmış prinsip olan Mur qanununa istinad edilir.
"Buna görə, kompüterlərin məhsuldarlığı hər iki ildə bir ikiqat artmalıdır. Lakin bu gün süni intellekt eyni müddətdə öz qabiliyyətlərini on dəfə artırır. Bu o deməkdir ki, süni intellekt tezliklə insan zəkasını üstələyəcək və tarixdə ilk dəfə olaraq biz insanla rəqabət apara bilən alternativ intellektlə qarşılaşırıq. Bununla belə, süni intellektin cəmiyyətə təsiri ilə bağlı suallar hələ də çoxdur", - ekspert əlavə edib.