"Bakcell" LTE şəbəkəsini şimal bölgəsində istifadəyə verib

İKT
  • 09 fevral, 2018
  • 10:33
Bakcell LTE şəbəkəsini şimal bölgəsində istifadəyə verib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti ölkənin şimal bölgəsində də 4G LTE şəbəkəsini istifadəyə verib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, “Bakcell” şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. "Bakcell"in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir.

“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, 2018-ci ilin yanvarında "Bakcell" şirkəti  özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verib. Bu gün isə LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox "Bakcell" abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcək”, - “Bakcell”in baş icraçı direktoru Nikolay Bekers (Nikolai Beckers) bildirib.

"Bakcell"in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.