“Aztelekom”da aparılan transformasiyanın üç əsas istiqaməti açıqlanıb
- 16 may, 2024
- 10:09
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC işçi qüvvəsinin sayını artırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu “Aztelekom”un Baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, bu, gələcəkdə şəbəkənin genişləndirilməsi üçün lazımdır.
"Şirkətimiz transformasiya dövrü yaşayır. Biz bu fəaliyyəti üç əsas istiqamət üzrə aparırıq. Transformasiyamızın əsas hissəsi əməkdaşlardan başlayır. Təlimlərin sayı əhəmiyyətli qədər artırılıb. Bizim təlimlərdə iştirakıçı sayında 300 %-lik artım qeydə alınıb.
İkinci istiqamət müştərilərdir. Onlarla münasibətlərimizi gücləndirməyə, rəqəmsal platformalarımızın onlara yaxın olmasına çalışırıq.
Sonuncu istiqamət texnoloji transformasiya ilə bağlıdır. Bu kontekstdə kibertəhlükəsizlik məlumatlarının toplanması və sair yönlərdə işlər görürük", - deyə o qeyd edib.