Son 11 ayda "AzStateNet" şəbəkəsində 751 hədəflənmiş APT kiberhücumu indikatoru aşkarlanıb
- 23 dekabr, 2025
- 12:06
2025-ci ilin 11 ayı ərzində "AzStateNet" şəbəkəsi üzrə 751 xüsusi hədəflənmiş APT kiberhücumu indikatoru aşkar edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı"nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, aşkarlanan indikatorların 38 faizi (283) daxili araşdırma və monitorinq nəticəsində, 62 faizi (468) isə dövlət qurumlarından daxil olan anomaliya hallarının tədqiqi zamanı müəyyən edilib.
T.Məmmədov bildirib ki, yalnız 2025-ci ilin 11 ayında monitorinq perimetrinə daxil olan Naxçıvan Muxtar Respublikasındakı 11 dövlət qurumunda 17 kibermüdaxilə halı aşkarlanıb. Qeyd olunub ki, bu halların aradan qaldırılması və mümkün fəsadların minimallaşdırılması istiqamətində dərhal müvafiq tədbirlər görülüb.
Baş idarə rəisinin müavini vurğulayıb ki, "AzStateNet" şəbəkəsinə qoşulmayan muxtar respublikanın dövlət qurumlarında kiberhücum cəhdlərinin sayı daha çoxdur. Bu baxımdan, dövlət qurumlarının vahid təhlükəsizlik infrastrukturuna inteqrasiyası xüsusilə əhəmiyyətlidir.