Azərbaycanda rəqəmsal transformasiyanın əsas şərti açıqlanıb
- 11 iyun, 2026
- 10:29
Azərbaycanda insan kapitalına investisiya rəqəmsal transformasiyanın əsas şərtidir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda deyib.
Onun sözlərinə görə, transformasiyanı təkcə texnologiya deyil, insanlar həyata keçirir: "Məhz buna görə də Azərbaycan insan kapitalının inkişafına böyük önəm verir və bu istiqamətdə əhəmiyyətli investisiyalar yatırır. ABŞ-nin "Coursera" şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "4Sİ Akademiyası" milli proqramı sayəsində on minlərlə vətəndaşımız süni intellekt, məlumat analitikası, kibertəhlükəsizlik və digər gələcək yönümlü sahələr üzrə dünya səviyyəli təhsil imkanlarından yararlanıb. Bizim məqsədimiz yalnız texnologiyadan istifadə etmək deyil. Hədəfimiz texnologiyalar vasitəsilə yeni dəyərlər yaratmaq, innovasiyaları təşviq etmək və bunun üçün zəruri olan bilik və bacarıqlara malik insan resursları formalaşdırmaqdır".
H.Hüseynov qeyd edib ki, hazırda texnologiya qlobal iqtisadiyyatın yeni qaydalarını müəyyənləşdirir: "Texnologiya bütün dünyada sənaye sahələrini yenidən formalaşdırır, rəqabət qabiliyyətinin meyarlarını dəyişir və yeni iqtisadi dəyər mərkəzləri yaradır. Bu gün ölkələr artıq yalnız təbii resursları və ya coğrafi mövqeləri ilə deyil, innovasiya potensialı, insan kapitalı və yeni texnologiyaları geniş miqyasda tətbiq etmək bacarığı ilə rəqabət aparırlar".