Azərbaycanda I yarımildə 4 milyondan artıq şəbəkə trafiki bloklanıb
- 20 iyul, 2026
- 10:57
Bu ilin I yarısında "AzStateNet" şəbəkəsi vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid, həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki bloklanıb.
"Report" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istindən xəbər verir ki, bunu qurumun rəisi İlqar Musayev bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə "Sandbox" mühafizə sistemi 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlayaraq zərərsizləşdirib və son istifadəçilərin yoluxmasının qarşısını alıb.
Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, son istifadəçilərin kibertəhlükələrdən qorunmasının təmin edilməsi məqsədilə 6 ay ərzində ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən artığı mərkəzləşdirilmiş antivirus sistemi, qalanları isə digər müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb.
Qeyd olunub ki, əldə olunan nəticələr dövlət qurumlarında tətbiq edilən çoxsəviyyəli və mərkəzləşdirilmiş kibermüdafiə mexanizmlərinin yüksək effektivliyini bir daha təsdiqləyir.
İ.Musayev hesabat dövründə dövlət elektron poçt xidmətinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə 8 milyondan artıq elektron məktubun emal edildiyi, bunun da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 % çox olduğunu qeyd edib. Emal olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxunun zərərli tərkibli olduğu müəyyən edildiyindən bloklanıb.
Müşavirədə cari ilin ilk altı ayı ərzində informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi sahələrində həyata keçirilmiş tədbirlər, icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıdakı dövrdə prioritet fəaliyyət istiqamətləri, həmçinin xüsusi rabitə infrastrukturunun müasirləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin dayanıqlılıq və ehtiyatlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində görülən işlərin icra vəziyyəti ətraflı təhlil olunub.
Hesabat dövründə kadr hazırlığı və peşəkar bilik mübadiləsi sahəsində əldə olunan nəticələr də yüksək qiymətləndirilib. Bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, praktiki bacarıqların inkişafına xidmət edən təlim proqramlarının və müasir laboratoriya mühitlərinin yaradılması ilə bağlı tapşırıqlar verilib.
Müşavirə zamanı Xidmətin struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, 2026-cı ilin ilk altı ayında görülmüş işlərin nəticələri ətraflı müzakirə olunub, mövcud vəziyyət qiymətləndirilərək qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.
Müşavirənin yekununda Xidmətin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, kibermüdafiə imkanlarının gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrasının təmin olunması ilə bağlı aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.