Azərbaycanda domen idarəçiliyinin inkişafına dair Yol Xəritəsi hazırlanacaq

İKT
  • 10 dekabr, 2025
  • 17:08
Azərbaycanda domen idarəçiliyinin inkişafına dair Yol Xəritəsi hazırlanacaq

Azərbaycan hökuməti Təyin olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyası (ICANN) ilə domen idarəçiliyinin inkişafına dair birgə Yol Xəritəsi hazırlamaq barədə razılığa gəlib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər arasında Azərbaycanın domen adları üzrə idarəçilik modelinin gücləndirilməsi, milli DNS infrastrukturunun dayanıqlığının artırılması, eləcə də təhlükəsiz və sabit internet ekosisteminin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın qlobal internet idarəçiliyi proseslərində daha fəal və sistemli şəkildə iştirakının, ən yaxşı beynəlxalq təcrübələrin ölkədə tətbiqinin və müvafiq sahədə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

ICANN rəsmiləri Azərbaycanın internet idarəçiliyi imkanlarının genişləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirakının artırılması və milli domen ekosisteminin möhkəmləndirilməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Onlar yaxın dövr üçün birgə seminarlar, texniki sessiyalar və ekspert görüşlərinin keçirilməsi təşəbbüsünə müsbət yanaşdıqlarını qeyd ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti