Azərbaycanda ABŞ-nin çip istehsalçısının infrastrukturu qurulub
- 08 dekabr, 2025
- 16:30
Azərbaycanda ABŞ-nin çip istehsalı ilə məşğul olan "NVIDIA" şirkətinin infrastrukturu qurulub.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
"AzInTelecom" MMC-də dünyanın bir nömrəli süni intellektli çip istehsalçısı olan NVIDIA şirkətinin infrastrukturunu qurmağa nail olmuşuq. Şirkətin "Hopper" arxitekturası olan H200 qrafik prosessorlarının 32 ədədi artıq quraşdırılıb. Bu quraşdırılma bitən kimi bir çox sahələr artıq öz sifarişlərini verməyə başlayıb. Hətta Elm və Təhsil Nazirliyi də bu istiqamətdə əməkdaşlığa başlayıb. Onlar da bir sıra modellərini həmin bu infrastrukturda formalaşdırmağı nəzərdə tuturlar", - deyə o qeyd edib.