Azərbaycan ÜPİ-nin iki şurasına rəhbər vəzifələr üzrə namizədliyini irəli sürüb

İKT
  • 08 sentyabr, 2025
  • 18:14
Azərbaycan ÜPİ-nin iki şurasına rəhbər vəzifələr üzrə namizədliyini irəli sürüb

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun Baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvlərinin seçilməsi ilə bağlı namizədliyini irəli sürüb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Azərbaycan nümayəndə heyəti sentyabrın 8-19-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir. 

Hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun Baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvlərinin seçilməsi baş tutur. Bu il ölkəmiz hər iki şuraya namizədliyini irəli sürüb və seçkilərdə iştirak edir.

ÜPİ-nin ali qərarverici orqanı olan Konqres beynəlxalq poçt xidmətləri sahəsində siyasət və qaydaların formalaşdırıldığı əsas platforma rolunu oynayır. Beynəlxalq poçt sisteminin gələcək inkişafını müəyyənləşdirən bu mötəbər toplantıda ÜPİ-nin 192 üzv ölkəsinin səlahiyyətli nümayəndəsi iştirak edir, seçkilər prosesində isə qeyd olunan Şuralara ÜPİ-nin 5 region üzrə 41 üzvü seçilir.

Konqresdən əvvəl "EMS AWARDS" mükafatlandırma mərasimi keçirilib. "Azərpoçt" MMC səmərəli fəaliyyətinə görə gümüş mükafata layiq görülüb, həmçinin müştəri xidmətləri üzrə də qaliblər sırasında olub.