AXC-nin buraxdığı ilk markalar beynəlxalq səviyyədə qeydiyyatdan keçirilib

İKT
  • 28 oktyabr, 2025
  • 10:43
AXC-nin buraxdığı ilk markalar beynəlxalq səviyyədə qeydiyyatdan keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk markalar beynəlxalq marka nömrələmə sistemində qeydiyyatdan keçirilib.

"Report" bu barədə "Azərpoçt" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ildən ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının (World Association for the Development of Philately – WADP) yaratdığı Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır. Bu da "Azərpoçt" markalarının nüfuzunun daha da artmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkan yaradır.

Şirkət Azərbaycanda marka sahəsini inkişaf etdirərək növbəti mühüm və tarixi missiyanı gerçəkləşdirib. Belə ki, AXC-nin buraxdığı ilk poçt markaları "WNS" vasitəsilə rəsmi qeydiyyatdan keçirilib. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da birbaşa xidmət edir.

1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları buraxılıb.

10 növdə buraxılmış markaların rəssamı Zeynal Əlizadə olub. O, hərəsindən bir neçə fərqli rəngdə olmaqla bütün markaları əsasən 4 təsvir üzərində işləyib. Bu markaların əsas mövzusunu Azərbaycan cəmiyyətinin iki daşıyıcı insan obrazı, eləcə də tarixi-memarlıq abidələri təşkil edir: belə ki, sözügedən markalarda əlində Azərbaycan bayrağı və tüfəng tutan əsgər, əlində oraq tutaraq tarlada məhsul yığan kəndli, özündə Şirvanşahlar sarayı, Cümə məscidi, Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakı şəhərinin panoramı və Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Atəşgah məbədi əks olunub.

"Azərpoçt"un bu bu addımı Azərbaycan dövlətçiliyi tarixinin təbliğatına xüsusi bir töhfə kimi dəyərləndirilə bilər.

Marka buraxılışı üzrə ÜPİ-nin qəbul etdiyi tələblər bu sahədə etibarlılıq və leqal statusun təmin olunmasında mühüm rol oynayır. Belə ki, poçt operatorları tərəfindən buraxılan markaların ÜPİ-nin "WNS" qeydiyyat sistemində yer alması onların beynəlxalq miqyasda rəsmi statusla tanınmasını təmin edir.

Son xəbərlər

Bütün Xəbər Lenti