ADA Universiteti ICPC-nin ən güclü iştirakçıları sırasına daxil olub
- 04 sentyabr, 2025
- 16:10

ADA Universiteti Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) aparıcı iştirakçı universitetləri sırasına daxil olub.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən ICPC dünya finalına həsr olunmuş mətbuat konfransında ICPC fondunun prezidenti Bill Pauçer bildirib.
"Yekun reytinqdə 139 komanda yer alıb. Lakin yadda saxlamaq vacibdir ki, burada olmaq hüququ uğrunda dünyanın 93 ölkəsindən 3 300-dən çox universitetin 63 mindən artıq tələbəsi mübarizə aparıb. ADA Universiteti onların sırasına daxil olub. Onunla birlikdə - Azərbaycanın daha bir neçə universiteti də buna nail olub", - B.Pauçer qeyd edib.
Onun sözlərinə görə, hər bir insan unikal və dəyərlidir, hər bir mədəniyyət isə təkrarolunmaz və qiymətlidir.
"Bakı zəngin tarixə malik heyrətamiz şəhərdir, onun həyatını dəstəkləyən texnologiyalar isə təsirlidir. Təkcə onun qədim şəhərini götürsək: Avropa özü üçün yeni dünyanı kəşf etməyə başlayanda o, artıq çiçəklənirdi və sivilizasiyalı idi. Bizə göstərdikləri qonaqpərvərlik həqiqətən heyranedicidir. Lakin daha böyük bir şey də var: biz böyüyən, inkişaf edən, yaradan və onilliklərdir rəqəmsal dövrə töhfə verən bir cəmiyyət görürük. Bizim üçün bu təcrübə həqiqətən dəyişdirici olur", - fond rəhbəri əlavə edib.