2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü

İKT
  • 02 yanvar, 2026
  • 15:02
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü

Müasir dövrdə dayanıqlı iqtisadi modelin formalaşması ölkənin rəqəmsallaşma səviyyəsi ilə birbaşa əlaqəlidir. Çünki rəqəmsallaşma texnoloji yenilənmə ilə yanaşı, məhsuldarlığın artması, yeni bazarlara çıxışın asanlaşması, yeni sənaye sahələrinin və iş yerlərinin yaranması, xidmətlərin keyfiyyətinin yüksəlməsi və əhalinin rifahının yaxşılaşması üçün əsas alətlərdən biridir. Eyni zamanda, o, ekoloji tələbləri nəzərə alan daha səmərəli və dayanıqlı istehsal modellərinin tətbiqinə imkan yaradır.

Rəqəmsal transformasiya iqtisadiyyatın və cəmiyyətin demək olar ki, bütün təbəqələrinə nüfuz edərək qarşılıqlı əlaqə və sosial kommunikasiya modellərini, biznes yanaşmalarını, istehsal zəncirlərini və dövlət xidmətlərinin göstərilmə üsullarını köklü şəkildə dəyişir. Bu prosesin əsas dayaqlarından biri informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafıdır. İnnovativ texnologiyalar, çevik rəqəmsal həllər, texnoloji icmalar və formalaşan ekosistem rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsinə çevrilib.

Xüsusilə dövlət idarəçiliyinin rəqəmsal transformasiyası strateji əhəmiyyət daşıyır. Dövlət əməliyyatlarının, xidmətlərinin, əməkdaş təcrübəsinin və vətəndaşlarla qarşılıqlı əlaqənin rəqəmsal həllər vasitəsilə yenilənməsi idarəetmənin səmərəliliyini artırır. Bu, hakimiyyətin müxtəlif qollarına öz fəaliyyətlərini daha çevik qurmağa və resurslardan daha optimal istifadə etməyə imkan verir. Dövlət sektorunda əl əməyinə əsaslanan, vaxt aparan prosedurların azalması iş proseslərini sürətləndirir, vətəndaşlar üçün isə xidmətlərin əldə olunma müddətini əhəmiyyətli dərəcədə qısaldır.

Rəqəmsallaşmanı əsas prioritetlərdən biri kimi müəyyən edən Azərbaycanda son illər bu istiqamətdə ardıcıl və sistemli addımlar atılıb. 2025-ci il də bu baxımdan istisna olmayıb.

Rəqəmsal transformasiya iqtisadiyyat üçün yeni üfüqlər açır

Rəqəmsal hökumətə keçid konsepsiyasının əsas alətlərindən biri olan "mygov" rəqəmsal hökumət platforması üzrə istifadəçi bazası kəskin genişlənib. Platformaya həm veb, həm də mobil tətbiq üzərindən qoşulan vətəndaşların sayı 2 milyon nəfəri ötüb. Təkcə ötən il 1 milyondan çox vətəndaş platformada qeydiyyatdan keçib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə iki dəfədən artıq artım deməkdir. Müntəzəm olaraq sistemə daxil olan və rəqəmsal xidmətlərdən istifadə edən aktiv istifadəçilərin sayı 800 min nəfərə çatıb.

Platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı 400-ü ötüb. Onlardan 37-si tamamilə yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Bu xidmətlərə müraciətlərin sayı ötən il 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 minə yaxınlaşıb. Bu rəqəmlər rəqəmsal həllərin artıq alternativ deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir.

2025-ci ildə "mygov" üzərindən iş yerinə dair arayışın alınması, qaz təchizatı ilə bağlı müayinə aktlarının izlənməsi, dövlət qurumlarına rəsmi məktubların göndərilməsi və əksinə, qurumlar tərəfindən vətəndaşlara rəsmi bildirişlərin ünvanlanması, şəxsi məlumatlara özəl qurumlar tərəfindən sorğu göndərildiyi barədə xəbərdarlıqların alınması, əmək müqavilələrinin imzalanması, işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələrin əldə edilməsi kimi bir sıra xidmətlər mümkün olub.

Rəqəmsal etimad mühitinin formalaşmasında "SİMA" biometrik rəqəmsal imza sistemi də mühüm rol oynayıb. Vətəndaşlar və sahibkarlar "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı qazanıb. Sənəd dövriyyəsində çevikliyi artırmaq məqsədilə tətbiq edilən yeni QR paylaşım funksiyası isə imza səlahiyyətlərinin təhlükəsiz şəkildə, birdəfəlik əsasda digər şəxslərə yönləndirilməsinə imkan yaradıb. "SİMA"nın İnternet Vergi İdarəsi ilə inteqrasiyası nəticəsində daha 30-a yaxın elektron vergi xidmətindən "SİMA İmza" vasitəsilə istifadə mümkün olub, vahid vergi bəyannaməsinin təqdim edilməsi prosesi sadələşdirilib.

Dövlət qurumlarının informasiya sistemlərinin "Hökumət buludu"na ("G-cloud") miqrasiyası da davam etdirilib. Bir sıra qurumların İT sistemləri tam şəkildə, digərlərinin isə qismən "G-cloud"a köçürülüb. Bu addımlar informasiya təhlükəsizliyinin gücləndirilməsi və xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – digital.bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb. Ötən ilin ilk 10 ayında 786 milyondan çox məlumat mübadiləsinin aparılması 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 89 % artım deməkdir. 2025-ci ildə bu platforma üzərindən məlumat axınının həcmi əvvəlki illərlə müqayisədə 2–3 dəfə yüksəlib.

Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan nəticələr beynəlxalq səviyyədə də diqqətdən kənarda qalmayıb. BMT-nin 2025-ci il üzrə "Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı"nda Azərbaycan kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bəndi, sərhədlərarası kağızsız ticarət üzrə isə 50 faiz bənd irəliləyib. Ölkə icra performansına görə 7-ci mövqedə qərarlaşıb və regional təsnifat üzrə Şimal və Mərkəzi Asiya, eləcə də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında lider mövqe tutub.

Bununla yanaşı, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderliyini qoruyur. Ölkə İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində ən yüksək göstəricilərə malikdir. Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən dövlətlər arasında Çindən sonra ikinci mövqedə qərarlaşıb.

Kibertəhlükəsizlik rəqəmsal dünyanın əsas çağırışına çevrilir

Rəqəmsallaşma sürət götürdükcə onun kölgə tərəfi də böyüyür – kiber təhdidlər artıq istisna deyil, gündəlik reallığa çevrilib. Bu risklər hər il daha mürəkkəb və daha təhlükəli xarakter alır. Əgər 2024-cü ildə Azərbaycana qarşı əsasən "Ransomware" tipli hücumlar üstünlük təşkil edirdisə – yəni sistemlərin fəaliyyəti bloklanaraq onların bərpası üçün pul tələb olunurdusa – 2025-ci ildə mənzərə dəyişib. İndi daha çox APT (Advanced Persistent Threat), yəni dövlət dəstəkli, uzunmüddətli və hədəflənmiş kiberhücumlar ön plana çıxır.

APT qrupları adətən dövlət qurumları, iri müəssisələr və strateji əhəmiyyət daşıyan təşkilatları hədəf alır. Yüksək peşəkarlığa, ciddi maliyyə resurslarına və ən müasir texnoloji vasitələrə malik bu qruplar çox vaxt müəyyən ölkələrin maraqlarına xidmət edir. Onların məqsədi təkcə sistemləri sıradan çıxarmaq deyil, həm də kritik informasiyaları ələ keçirmək, məlumat axınlarını manipulyasiya etmək və hətta subliminal mesajlar vasitəsilə psixoloji təsir göstərməkdir.

Bu təhlükənin real ölçüləri 2025-ci ilin may ayında daha aydın hiss olundu. "Arabian Ghost" adlı haker qruplaşması Azərbaycanın bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət qurumlarının saytlarına qarşı kiberhücumlar həyata keçirdi. Dövlət qurumlarının kibertəhlükəsizliyinə cavabdeh strukturların operativ fəaliyyəti nəticəsində informasiya sistemlərində heç bir dayanma və ya müdaxilə qeydə alınmadı.

Avqust ayında isə ölkənin əsas internet magistrallarından birini təmin edən "Delta Telekom" şirkətinə qarşı genişmiqyaslı DDoS hücumu baş verdi. Nəticədə bəzi telekommunikasiya operatorları və internet provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr yaşandı. Lakin provayderlərin alternativ "backbone" operatorlarına operativ şəkildə yönləndirilməsi qısa müddətdə istifadəçilərin internetə çıxışını bərpa etməyə imkan verdi. Atılan addımlar sayəsində hücumun təsiri minimuma endirildi və "Delta Telekom"un xidmətləri tam bərpa olundu.

Dövlət qurumları xüsusi mühafizə rejimi və mərkəzləşdirilmiş təhlükəsizlik mexanizmləri sayəsində bu cür genişmiqyaslı təhdidlərə nisbətən hazırlıqlı olsa da, eyni vəziyyəti özəl sektor üçün demək çətindir. Bu kontekstdə media məkanı ən həssas sahələrdən biri kimi önə çıxır. İlin əvvəlində ölkənin aparıcı media qurumlarına qarşı həyata keçirilən kiberhücum bunu bir daha təsdiqlədi.

Aparılan texniki analizlər və rəqəmsal izlərin araşdırılması hücumların arxasında APT29, daha çox "Cozy Bear" adı ilə tanınan (digər adları "Midnight Blizzard", "The Dukes") qrupun dayanması ehtimalını gücləndirdi. Beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri bu qrupun Rusiya ilə əlaqəli olduğunu dəfələrlə qeyd ediblər. Hücum zamanı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana aid IP ünvanlarının aşkarlanması isə zombi kompüterlərdən – istifadəçilərin xəbəri olmadan uzaqdan idarə olunan sistemlərdən istifadə edildiyini göstərir. Bu, müasir kiberhücumların sərhədsiz və izlərini gizlədən xarakterini bir daha ortaya qoyur.

Süni intellekt kiber hücumların vektorunu dəyişir

Bu gün kibercinayətkarlar hücumların təsir gücünü artırmaq üçün süni intellektdən fəal şəkildə istifadə edirlər. Daha inandırıcı fişinq məktubları, hiper-realistik saxta audio və video materiallar – "deepfake" texnologiyaları artıq kiberhücumların adi alətinə çevrilib. Süni intellekt zərərli proqram təminatının hazırlanmasında da demək olar ki, inqilab yaradıb. Öz kodunu mühitə uyğunlaşdıran, "mutasiya" edə bilən və canlı orqanizm kimi təkamül edən proqramlar artıq reallıqdır.

Belə təhdidlərə qarşı effektiv mübarizə isə paradoksal olaraq yenə də süni intellekt əsaslı həllərdən keçir. Süni intellekt kibertəhlükəsizlik sistemlərinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, hücumların daha erkən mərhələdə aşkarlanmasına və onlara daha sürətli, daha dəqiq reaksiya verilməsinə şərait yaradır.

Bu kontekstdə ötən il Azərbaycanda atılan ən mühüm addımlardan biri "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiq edilməsi olub. Strategiya çərçivəsində ölkədə süni intellekt üzrə kadr potensialını formalaşdırmaq və rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Süni İntellekt Akademiyası ("AI Academy") yaradılıb. Akademiyanın tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Qlobal elmi mühitə inteqrasiya bu qurumun əsas prioritetlərindəndir. Bu məqsədlə MIT, Kaliforniya Universiteti, Karnegi Mellon, Harvard və Stanford universitetlərinin professor və alimlərinin akademiyada qonaq mühazirəçi qismində iştirakı nəzərdə tutulur.

Süni intellektin tətbiqi dərinləşdikcə proseslər daha mürəkkəbləşir və bu, daha böyük hesablama güclərinə olan tələbatı artırır. Məhz bu ehtiyacı qarşılamaq məqsədilə ötən il ölkədə Superkompüter Mərkəzi yaradılıb. Mərkəz əsasən innovasiya subyektləri, biznes strukturları və dövlət layihələri üçün nəzərdə tutulub.

Burada "NVIDIA H200 GPU" çipləri əsasında qurulmuş, adi kompüterlərdən dəfələrlə güclü olan yüksək performanslı hesablama sistemləri yerləşdirilib. GPU əsaslı bu infrastruktur böyükhəcmli məlumatların emalını və süni intellekt modellərinin yüksək sürətlə işləməsini təmin edir. Nəticədə yerli süni intellekt layihələrinin xarici resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olur. Hazırda Mərkəzin imkanlarını genişləndirmək üçün yeni GPU çiplərinin alınması istiqamətində işlər davam etdirilir.

Süni intellektin yanlış tətbiqi və ya nəzarətsiz inkişafının ciddi risklər yaratdığını nəzərə alaraq, bu sahədə normativ çərçivənin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda süni intellekt üzrə 8 dövlət standartı mövcuddur ki, onların da 4-ü məhz 2025-ci ildə təsdiqlənib. Bu sənədlər risklərin idarə olunması, maşın öyrənməsi sistemləri üçün çərçivələr, neyron şəbəkələrinin dayanıqlığının qiymətləndirilməsi və süni intellektin idarəetmə sistemləri kimi mühüm istiqamətləri əhatə edir.

İnnovasiyanın dayaq nöqtəsi

Süni intellektin dayanıqlı inkişafı bu sahədə milli məhsulların yaradılması və güclü innovasiya ekosisteminin formalaşdırılması ilə mümkündür. Bu baxımdan ekosistemin inkişafı, innovasiyaların təşviqi, rəqəmsallaşmanın dərinləşdirilməsi və startapların dəstəklənməsi ötən il də əsas prioritetlər sırasında yer alıb.

İnnovativ sahibkarlıq düşüncəsinin erkən mərhələdə formalaşdırılması və dövlət–universitet–biznes əməkdaşlıq modelinin gücləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə 2025-ci ildə bir sıra ali təhsil müəssisələrinin nəzdində innovasiya mərkəzləri yaradılıb. Belə ki, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyətə başlayan bu mərkəzlər gənclərin ideyalarının məhsula çevrilməsi üçün institusional baza rolunu oynayır.

Eyni zamanda Agentliyin təşəbbüsü ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən, 3 700-dən çox mütəxəssisi olan beynəlxalq İT şirkəti olan "Andersen Lab"ın Azərbaycandakı rəsmi mərkəzi işə başlayıb. Bu mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına töhfə vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını azaltmaq və xüsusilə İKT xidmətlərinin ixrac potensialını gücləndirməkdir.

Agentliyin dəstəklədiyi innovasiya və startap proqramlarına 2025-ci il ərzində 5 436 müraciət daxil olub. Vençur fondları və proqramları çərçivəsində startaplara 760 min ABŞ dolları həcmində investisiya yönəldilib. Hesabat dövründə 45 texnopark rezidenti qeydiyyata alınıb. Bu rəqəmlər ekosistemdə ideyadan bazara gedən yolun tədricən qısaldığını göstərir.

Ötən il Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionu üzrə ilk Akselerasiya Mərkəzinin məhz Azərbaycanda açılması da simvolik əhəmiyyət daşıyır. Bu Mərkəz startapları, biznes subyektlərini, dövlət qurumlarını və təhsil müəssisələrini bir platformada birləşdirərək innovativ sahibkarlıq potensialını gücləndirməyi, ekosistemdə əməkdaşlığı dərinləşdirməyi və regional miqyasda rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.

Azərbaycanda innovasiya icmalarının inkişafı beynəlxalq reytinqlərdə də öz əksini tapıb. "StartupBlink"in 2025-ci il üzrə Qlobal Startap Ekosistemi İndeksinə əsasən, son dörd ildə ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan ötən il ən yüksək nəticəsinə nail olub. Ölkə qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerə yüksəlib. Ekosistemin illik artım tempi 24 % təşkil edib ki, bu da Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir.

Bu kontekstdə Bakının "İlin şəhəri" kimi seçilməsi də diqqət çəkir. Paytaxt xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil və sosial-əyləncə sektorlarında innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərini qabaqlayır. Bununla yanaşı, Bakı tədbirlər (31-ci yer), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və "SaaS" xidmətləri kateqoriyalarında da qlobal ilk yüzlükdə yer alıb.

Süni intellekt əsas trend olaraq qalacaq

Görünən odur ki, 2026-cı ildə Azərbaycanın İKT sektorunda əsas hərəkətverici qüvvə süni intellekt olacaq. Qlobal miqyasda bir neçə il davam edən eksperimentlərdən sonra süni intellekt tədricən sadə alətdən rəqəmsal tərəfdaşa çevrilir. O, artıq təkcə texnoloji "yarışın" elementi deyil, idarəetmənin yenidən düşünülməsinə imkan verən konseptual alət kimi qəbul olunur.

Süni intellekt agentlərinin rəqəmsal həmkarlar qismində insanın verdiyi tapşırıqları müstəqil şəkildə icra etməsi yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Dövlət qurumları və şirkətlər bu reallığa uyğunlaşmaq üçün təhlükəsizlik mexanizmlərini və nəzarət alətlərini gücləndirməli olacaqlar.

Artıq süni intellektlə kibertəhlükəsizliyin bir-birindən ayrılmaz hala gəldiyi açıq şəkildə görünür. Əvvəllər dərin ekspert bilikləri tələb edən tapşırıqlar bu gün süni intellekt və artırılmış reallıq texnologiyalarının köməyi ilə daha asan icra olunur. Bu isə o deməkdir ki, daha az təcrübəyə malik şəxslər belə potensial olaraq daha təhlükəli zərərli proqramlar yarada bilirlər. Süni intellektlə "silahlanan" kibercinayətkarlar daha çevik, daha ağıllı və daha çətin aşkarlanan olacaqlar.

Bu il şəxsi identifikasiya məlumatları əsas hədəflərdən birinə çevriləcək. Paralel olaraq saxta məlumatların həcminin kəskin artacağı gözlənilir. Süni intellekt vasitəsilə yaradılan hiper-realistik, tam funksional sintetik media məhsulları tənzimləyici və hüquq-mühafizə qurumlarının reaksiya imkanlarını qabaqlaya bilər. Bu isə dövlət idarəçiliyi və ictimai etimad baxımından ciddi çağırışlar yaradır.

Eyni zamanda, müxtəlif yurisdiksiyalarda fəaliyyət göstərən təşkilatlar süni intellekt üzrə tələblərə uyğunluğun təmin edilməsində artan mürəkkəbliklə üzləşəcəklər. Daim dəyişən normativ çərçivələr və təkamül edən "məsuliyyətli süni intellekt" anlayışı bu prosesi daha da çətinləşdirəcək. Bu səbəbdən beynəlxalq və milli səviyyədə standartların genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi prosesi daha intensiv xarakter alacaq.

Azərbaycan kontekstində isə "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın təsdiqi bu il rəqəmsal transformasiyaya ciddi impuls veriləcəyini deməyə əsas verir. Strategiya çərçivəsində 2026-cı ildə rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 50-yə, yaradılacaq yeni startapların sayının 30-a, rəqəmsal bazarlara çıxış əldə edən KOB-ların sayının 20-yə çatdırılması, "GenAI" tətbiqləri vasitəsilə 10 milyon manat həcmində iqtisadi təsirin formalaşdırılması hədəflənir. Bununla yanaşı, Yeni Nəsil Texnologiyalar Mərkəzi, Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı və Rəqəmsal həllər və xidmətlər platformasının yaradılması nəzərdə tutulur.

Bu çərçivədə süni intellektin artıq gələcəyin mövzusu olmadığı, Azərbaycanın rəqəmsal bu gününü və formalaşmaqda olan iqtisadi sabahını müəyyənləşdirən əsas amillərdən birinə çevrildiyi qənaətinə gəlmək mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti