Naxçıvanda "Zəfər qaçışı" keçirilib
- 05 noyabr, 2025
- 16:15
Naxçıvan şəhərində "Zəfər qaçışı" keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində "Zəfər qaçışı" adlı kütləvi idman tədbiri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan qaçış yarışına yaşı 14-dən yuxarı 300-dən çox iştirakçı qatılıb.
İştirakçılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı start xəttindən müəyyən edilmiş marşrut üzrə Zəfər parkının ətrafındakı finiş xəttinədək olan 5,5 kilometrlik məsafəni qət ediblər. Mükafatçılar kişilər və qadınlar arasında peşəkar həvəskar idmançı kateqoriyalarında qiymətləndirilib. Finiş xəttinə ən tez çatan idmançı 44 nömrəli rəmzi sıra nömrəsi ilə Əmrah Nağıyev olub.
Kişilər və qadınlar arasında ilk üç yerin sahibi olan iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nominasiya qalibləri və fəal iştirakçılar da təltif ediliblər.