Azərbaycan və Slovakiya arasında hərbi sahədə əməkdaşlıq müzakirə edilib
- 09 oktyabr, 2025
- 16:38

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, hərbi sahədə əməkdaşlıq müzakirə edilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Slovakiyalı qonaq protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.
Azərbaycanla Slovakiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
D.Zmeko bu cür səfərlərin iki ölkə arasında hərbi əlaqələrin genişləndirilməsi və ordularımızın inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Slovakiya arasında müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub. Burada onlara Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi üzrə icra olunan tədbirlər, eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Azərbaycana rəsmi səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Döyüşü İdarəetmə Mərkəzində olan qonaqlar burada yaradılmış şəraitlə tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
Slovakiya hərbi nümayəndə heyəti HHQ-nin hərbi hissələrindən birini də ziyarət edib. Qonaqlara hərbi hissə haqqında ətraflı məlumat verilib, silahlanmada olan aviasiya və texniki vasitələrin nümunələri nümayiş etdirilib.

