MMU-dakı tədris prosesi barədə Özbəkistan nümayəndə heyətinə məlumat verilib
- 07 may, 2026
- 14:35
Özbəkistanın Müdafiə Nazirliyi ilə hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.