Hərbi ekspert: Azərbaycan ordunun modernləşdirilməsi məsələsində ölkələr üçün örnəkdir
- 28 noyabr, 2025
- 16:39
Azərbaycan ordunun yenidən silahlanması üzrə çoxşaxəli siyasət yürüdür.
Bunu "Report"un Qazaxıstan bürosuna qazaxıstanlı hərbi ekspert Amangeldi Kurmetulı bildirib.
"Azərbaycanda keçirilən hərbi paradda (8 noyabr - red.) biz həm tamamilə yeni silah növlərini, həm də modernləşdirilmiş köhnə nümunələri gördük. Azərbaycan müxtəlif ölkələrdən texnika alaraq və eyni zamanda köhnə sistemləri modernləşdirərək öz ordusunu çoxşaxəli şəkildə silahlandırır", - o bildirib.
A.Kurmetulı hesab edir ki, Azərbaycan ordunun yenidən silahlanmasını iki yolla - bütün dünyadan texnologiyalar almaqla və yerli istehsal vasitəsilə həyata keçirir.
O qeyd edib ki, paradda həmçinin dəniz zərbə dronları da nümayiş etdirilib: "Rusiya-Ukrayna müharibəsi bu cür sistemlərin nə qədər effektiv olduğunu göstərdi. Artıq Azərbaycan da belə texnologiyalara sahibdir. Xəzər dənizi qapalı dəniz olsa da, bu texnika təhlükəsizlik üçün strateji əhəmiyyət daşıya bilər".
A.Kurmetulı vurğulayıb ki, Azərbaycan Ordusunun yenidən silahlanması mövcud çağırışlar, o cümlədən təhlükəsizliyin təmin edilməsi, terrorla mübarizə nəzərə alınaraq həyata keçirilir.
Ekspert əlavə edib ki, bu gün Azərbaycan ordunun modernləşdirilməsi məsələsində digər Türkdilli ölkələr və Mərkəzi Asiya dövlətləri üçün örnəkdir. Bunun əsas aspektləri tədarükün şaxələndirilməsi, həmçinin dost ölkələrlə birgə istehsalın inkişafıdır. Xüsusilə, bu proses Türkiyə, Pakistan və digər ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"Bizim qazaxıstanlı hərbçilərimiz Azərbaycan Hərbi Dəniz Qüvvələrinə çox böyük hörmət edir. Gələn il Azərbaycan gəmilərinin birgə təlimlərdə iştirakı gözlənilir və məndə olan məlumata görə, təlimlərdə 750 ton su tutumu olan gəmilər iştirak edəcək", - o vurğulayıb.