Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb - EKSKLÜZİV
- 23 noyabr, 2025
- 16:17
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
"Report"un əldə etdiyi məlumata görə, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.