TikTok-da intim görüntülərlə şantaj edən şəxs saxlanılıb – DİN-dən əməliyyat
- 02 sentyabr, 2025
- 13:32

TikTok-da "fake" qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxsi polis əməkdaşları ifşa edib və onun qanunsuz əməllərinin qarşısını alıb.
"Report"un məlumatına görə, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə, domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.
Məlumata görə, vətəndaşların DİN-ə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.
İlkin məlumata görə, o, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.
Fakt üzrə Ş.Fətullayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat Xidməti zərərçəkmişlərin şəxsiyyəti barədə sorğunu şərh etməyib. Qurum vətəndaşlara müraciət edərək vurğulayıb ki, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs diqqətli olmalı, yayılma ehtimalı olan şəxsi görüntüləri paylaşmamalıdır.
Əgər kimsə sosial şəbəkələrdə hədə və təhdidə məruz qalırsa, dərhal Daxili İşlər Nazirliyinə müraciət etməli və ictimai təhlükəli əməllərin qarşısının alınmasında təşəbbüskar olmalıdır.
Qeyd edək ki, cinayət işi üzrə onlarla zərərçəkmiş var.