Suqovuşanda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağır qiymətləndirilir - YENİLƏNİB
- 01 aprel, 2026
- 16:55
Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs bu gün saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.
Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 421 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.