Sumqayıtda "Qurd dərəsi"ndə artilleriya mərmisi aşkarlanıb - YENİLƏNİB
- 06 oktyabr, 2025
- 11:36
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda "Qurd dərəsi" adlanan ərazidə artilleriya mərmiləri aşkar edilməsi ilə bağlı məlumat yayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, "Qurd dərəsi" bağları adlanan ərazidə hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 38 ədəd VM-30 və 3 ədəd VM-45 artilleriya mərmilərinin partladıcıları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Sumqayıt şəhəri, "Qurd dərəsi" bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.
Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.