Salyanda avtoqəzada ölən şəxsin narkotik daşıdığı müəyyən olunub - YENİLƏNİB
- 11 mart, 2026
- 13:06
Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda baş verən avtoqəzada ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte" markalı avtomobillə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Amma sürücü N.Orucsoy izahatında iddia edib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.
Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib.
N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.
Salyanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "KİA" markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.