Mübahisə etdiyi gənci bıçaqlayanın məhkəməsi başlayır
- 29 dekabr, 2020
- 13:51
Şəmkir rayonunda qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Fəxri Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Faiq Mahmudovun icraatına verilib.
Hazırlıq iclası 2021-ci il yanvarın 21-ə təyin edilib.
Hadisə bu il oktyabrın 20-si saat 19 radələrində qeydə alınıb.
Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğluna bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Orxan Rəsulovu qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Tutularaq istintaqa cəlb edilən F.Əhmədova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ititham verilib.