Lənkəranda avtobusun vurduğu velosipedçi xəstəxanada ölüb
- 25 sentyabr, 2025
- 12:31

Lənkəran rayonunda avtobusun vurduğu velosipedçi xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında şəhər ərazisində baş verib.
Belə ki, "20 km" marşrut xətti üzrə işləyən sərnişin avtobusu velosipedlə hərəkətdə olan rayonun Şilim kənd sakini, 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub.
Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona dəqiqləşdirilməmiş koma və kəllədaxili travma diaqnozu qoyublar.
Göstərilən bütün zəruri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.