Azərbaycan və İordaniya fövqəladə hallarla mübarizəyə dair əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 25 sentyabr, 2025
- 15:24

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İordaniyanın İctimai Təhlükəsizlik Baş İdarəsinin əməliyyatlar və təlim üzrə baş direktor müavini briqada generalı Məhəmməd Mahmud Əl-Öməri ilə görüşüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğu vurğulanıb.
K.Heydərov Azərbaycanda fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına əlavə təkan verəcək. Bu çərçivədə, fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris sahəsi üzrə Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə İordaniyanın müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın formalaşdırılması üçün yaxşı imkanların mövcud olduğu bildirilib.
Məhəmməd Mahmud Əl-Öməri iki ölkənin fövqəladə hallarla mübarizə və mülki müdafə sahəsində cavabdeh qurumları arasında münasibətlərin genişləndirilməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinin qarşılıqlı faydasını vurğulayıb.
Qonaq Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərin və müzakirələrin məhsuldar olacağına, əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.
Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olublar.
Qeyd edək ki, İordaniya nümayəndə heyəti səfər çərçivəsində FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.