İsmayıllıda ağır yol qəzasında iki nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB-2
- 04 oktyabr, 2025
- 20:53

İsmayıllıda baş verən yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində yol-nəqliyyat hadisəsi nəticəsində Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində həyatını itirib.
"Mercedes" markalı avtomobildə olan üç, "BMW" markalı nəqliyyat vasitəsində isə 1 sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.