İmişlidə üç avtomobil toqquşub, xəsarət alanlar var
- 27 noyabr, 2025
- 12:19
İmişli rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən isə sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə üç kişi İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.