Goranboyda silahlı insidentlə bağlı məhkəmələr başlayır

Hadisə
  • 20 dekabr, 2019
  • 09:00
Goranboyda silahlı insidentlə bağlı məhkəmələr başlayır

Goranboyda silahlı insident zamanı polis əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Bundan başqa, həmin insident zamanı silahdan istifadə edən polis əməkdaşı Vüsal Kərimovun barəsindəki cinayət işi də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Dadaş İmanovun icraatında baxılacaq.

Qeyd edək ki, hadisə iyulun 12-də baş verib. Gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb. O, səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.

Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

T.Əmrahova Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz silah saxlama), 221.1-ci (xuliqanlıq), 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməhəyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.