Gəncədə evdə yanğın olub, zəhərlənənlər var - YENİLƏNİB
- 05 sentyabr, 2025
- 10:34

Bu gün səhər saat 05:50 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, tüstüdən zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
08.54
Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.