Gəncədə avtomobil qəzası olub, 8 nəfər xəsarət alıb - YENİLƏNİB
- 10 sentyabr, 2025
- 10:30

Gəncə şəhərində baş verən avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 9-da saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 7 qadın, 1 kişi olmaqla 8 nəfər hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Hazırda xəsarət alan qadınlardan 1-nin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova xəsarət alıblar.
Yaralılar dərhal xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır.
