FHN Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 07 noyabr, 2025
- 17:48
Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi böyük ehtiramla yad olunub.
Şəxsi heyət, həmçinin böyük Zəfərin tarixi ilə əlaqədar yaradılmış kompleks və muzeylərə də baş çəkərək cəsur əsgər və zabitlərimizin şərəfli döyüş yolu ilə tanış olublar.
Tədbirlərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamın əhəmiyyətindən danışılıb, bu sənədin Azərbaycanın möhtəşəm Zəfər səlnaməsini özündə əks etdirən tarixi sənəd olduğu bildirilib.
Qeyd edilib ki, artıq beş ildir ki, Azərbaycan xalqı mədəniyyət, milli irs və qürur mənbəyimiz olan tarixi şəhərimiz – Şuşanın işğaldan azad edildiyi günü – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti və parlaq diplomatik bacarığının, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
Xatırlanıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi işğalçı dövlətin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni hərbi birləşmələrə qarşı 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirilib və nəticədə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunub.
Tədbirlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin hər bir vətəndaş üçün qürur mənbəyi olduğu qeyd olunub, bu Qələbə ilə dövlət başçısı tərəfindən daha qüdrətli və çiçəklənən yeni Azərbaycanın qurulması istiqamətində tarixi dövrün başlandığı vurğulanıb.
Toplantılarda Zəgər Günü ilə bağlı film nümayiş olunub.