Mirfuad Mahmudov: Sumqayıtda yanğının baş verdiyi binada soyutma işləri davam etdirilir

Hadisə
  • 17 yanvar, 2024
  • 21:47
Mirfuad Mahmudov: Sumqayıtda yanğının baş verdiyi binada soyutma işləri davam etdirilir

Sumqayıt şəhəri, 22-ci məhəllədəki yataqxana binasında soyutma işləri davam etdirilir.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov deyib.

“Hadisənin yataqxana binasının dam örtüyündə baş verməsi və yayılması və orada məcburi köçkünlərin yaşadığı nəzərə alınaraq əraziyə FHN-in əlavə qüvvə və vasitələri cəlb olunub, yanğının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb.

Yanğın binanın dam örtüyünü əhatə edib və ikinci mərtəbədəki otaqları da bürüyüb”.

O, qeyd edib ki, əraziyə FHN-in Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri cəlb edildikdən sonra sakinlər dərhal binadan təxliyə olunub.

“Hazırda yanğın tam söndürülüb və soyutma işləri davam etdirilir. Yanğın təxminən 300 kv. metr ərazini əhatə edib. Bununla belə yanğının əhatə etdiyi sahə barədə dəqiq məlumat veriləcək”, - Mirfuad Mahmudov əlavə edib.

Qeyd edək ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

Binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb.