Bakıda növbəti daxili iməcilik keçirilib
- 11 iyul, 2026
- 11:36
Bakıda növbəti daxili iməcilik keçirilib.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, bu gün şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, əsaslı təmizlik işləri görülüb.
Səhər saatlarından kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.