Bakıda avtobusun əyləcinin tutmaması səbəbindən 9 avtomobilə maddi ziyan dəyib
- 05 iyul, 2023
- 12:55
Ötən gün paytaxtın S.S.Axundov küçəsində metronun “Azadlıq” stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi baş verib, ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəyib.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
"Təəssüflər olsun ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişindaşıma hallarına tez-tez rast gəlinir.
Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlanılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin", - məlumatda qeyd edilib.