Bakıda ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb, xəsarət alan iki nəfər evə buraxılıb - VİDEO - YENİLƏNİB-3

Hadisə
  • 06 sentyabr, 2025
  • 12:29
Bakıda ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb, xəsarət alan iki nəfər evə buraxılıb - VİDEO - YENİLƏNİB-3

Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:

"Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb".

Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

Bakının Binəqədi rayonu ərazisi yerləşən Biləcəri körpüsündə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdə sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib.

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd olunub ki, səhər saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Faktla bağlı araşdırma aparılır.

10:13

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.

Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.