Ali Məhkəmə qətldə təqsirləndirilən şəxsin ömürlük cəzasını ləğv edib
- 02 dekabr, 2025
- 12:16
Qətl törədək ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədovun cəzası 20 ilə endirilib.
"Report" un məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və həbs qərarı 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.
A.Məmmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və hökmü qüvvədə saxlayıb.
İttihama görə, Asəf Məmmədov 2023-cü il fevralın 19-u saat 09:40 radələrində həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanı kəsici-deşici alətlə, 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi isə odlu silahla qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində törədildiyi, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədovanın Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olduğu bildirilir.