Ağsuda iki nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
- 26 may, 2026
- 11:36
Ağsu rayonunda iki nəfərin öldüyü avtoqəzada xəsarət alanların son durumu məlum olub.
TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, mayın 26-da saat 03:20 radələrində Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Ağsu rayonunda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
Ağsu rayonunda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.
Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.