2019–2024-cü illər ərzində narkotiklərlə bağlı 39 mindən çox şəxs cinayət məsuliyyətinə cəlb olunub

Hadisə
  • 17 sentyabr, 2025
  • 17:42
2019–2024-cü illər ərzində narkotiklərlə bağlı 39 mindən çox şəxs cinayət məsuliyyətinə cəlb olunub

Azərbaycanda 2019–2024-cü illər ərzində narkotiklərlə bağlı 39 mindən çox şəxs, o cümlədən 510 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Bildirilib ki, qeyd edilən dövr ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb.

Onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub.

Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onun da 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.

Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39 min 2 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub. Onlardan 37 min 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır.

Həmçinin 21 min 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib. 

Son xəbərlər

Bütün Xəbər Lenti